23/09/2026
“Global Media Group” və “Report” İnformasiya Agentliyi Vətən müharibəsi və Antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filmini tamaşaçılara təqdim edib.
Filmdə Antiterror tədbirləri zamanı şəhid olmuş Azərbaycanın ilk komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanovun və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir.
Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür. 44 günlük Vətən müharibəsi, həmçinin Antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən polkovnik-leytenant Əkrəm Şadmanov tank əleyhinə minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucalır.
“Vətən daşı” filmində Şadmanovlar ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, həmçinin qurub yaratmaq əzmi öz əksini tapıb.
Qeyd edək ki, “Nizami” Kino Mərkəzində keçirilən təqdimat mərasiminə dövlət rəsmiləri, hərbçilər, millət vəkilləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə həmçinin filmin ideyası və cəmiyyətə ötürdüyü mesajlar barədə məlumat verilib.
"Global Media Group" haqqında:
"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.