12/01/2018
İsmayıllıdan İngiltərəyədək uzanan sevgi! Səhər
dayanacaqda avtobus gözləyirdim. Bir maşın
saxladı, sürücü qardaş yaxınlaşdı. Məni
"Facebook"dan tanıyır. Özünü təqdim etmədi,
mən də utandım soruşmağa. Təvazökarlıqdan
uzaq olsa da, dedi ki, statuslarımı hər zaman
sevə-sevə oxuyur. Sağ olsun, qardaş məni işə
qədər gətirdi. Yol yoldaşım yolda bir söhbət etdi
və məni şoka saldı. Qısaca bunu təsvir etməyi
xahiş etdi. Məmnuniyyətlə edirəm! Yəqin ki, indi
özü də oxuyur. Təxminən 3-4 ilin söhbətidi.
Deməli, bu qardaş Azərbaycanda fəaliyyət
göstərən bir xarici şirkətin (hazırda fəaliyyət
göstərmir) rəhbər şəxslərindən biri olan ingilisin
sürücüsü olub. Bir gün müdir İsmayıllıya səfərə
gedib. Maşın dağlıq ərazidə sıradan çıxıb.
Təsəvvür edin, qaranlıq və ən yaxın kəndə qədər
olan məsafə azı 5 kilometr. Bu an təsadüfən
oradan öz sınıq-saxlaq "Niva"sı ilə keçən kəndli
onların dadına çatıb. Kəndli çətinə düşmüş şəhər
əhlini öz daxmasında qonaq edib. Bunlar içəri
girəndə görüblər ki, kəndlinin həyat yoldaşı və 3
körpə uşaq ailə başçısını şam yeməyi üçün
gözləyir. Qonaqlar da ac imiş. Süfrə açılıb,
qonaqlar və ev yiyəsi süfrə arxasında oturub,
yeməyə başlayıb. Bir qədər sonra sürücüyə zəng
gəlib və qardaşımız danışmaq üçün masadan bir
qədər aralanıb. Bu an gördüyü mənzərə onu dilxor
edib - qapısı bir qədər aralı qalan qonşu otaqda
evin xanımı və uşaqlar yerdə oturub pendirlə
çörək yeyirmiş. Telefon danışığı artıq yaddan
çıxmışdı. Sürücü dərhal müdirini kənara çəkib
vəziyyəti izah etdi. Bundan sonra isə müdir ev
yiyəsindən izahat istədi. Ev yiyəsinin cavabı belə
oldu: "Qonağın ruzisi özündən qabaq gəlir. Bir
gün pendir yeməkdə problem yoxdur". Sürücü
qardaşımız deyir ki, zərurətdən həmin evdə 2 gün
qalmalı oldular. Yardımçı maşın gəldi, ayrılıq
zamanı idi. İngilisin ev yiyəsi ilə sağollaşanda
işlətdiyi ifadələr möhtəşəm idi: "Mənim Bakıda
villam var, indiyədək dünyanın ən bahalı
otellərində olmuşam, amma onların heç biri bu
daxmaya çata bilməz". Bundan sonra ingilis ev
yiyəsinə 300 dollar uzatdı və dedi ki, olan-qalan
budur, üstəlik üzrxahlıq da etdi. Ev yiyəsi isə
sürücüdən bu sözləri tərcümə etməyi xahiş etdi:
"Mən bu pulu götürsəm, indiyədək bir-birimizə
etdiklərimizin dəyəri 300 dollar olacaq. Halbuki,
buların dəyəri yoxdur". İngilis növbəti dəfə şokda
idi. Sakitcə bunu dedi: "Deməli, doğrudan da
maddiləşməyən insanlar var və ancaq onlar
bizdən çox uzaqdır". Bunları danışan sürücü məni
qəfil sualı ilə ayıltdı: "Bilirsiniz, mən indi hara
gedirəm? Həmin hadisən sonra ingilis o evə tez-
tez gedirdi. Bir müddət sonra şirkət bağlandı.
İngilis vətəninə qayıtdı. Lakin o, ürəyini burada
qoyub getdi. O vaxtdan bəri mütəmadi olaraq
İngiltərədən Bakıya bir bağlama ("posılka") gəlir.
İçində geyim də olur, yemək də. Bir-iki dəfə 4
qutu pendir (gülür) də yollamışdı. Mən isə
"posılka"nı İsmayıllıya çatdırıram". İndi
düşünürəm ki... ya da heçnə düşünmürəm, çünki
əlavə şərh bu gözəlliyi pozar. İlkin Ehmedovdan
alinma