13/05/2020
Gəlir vergisinin ödəyiciləri olan fərdi sahibkarların vergi öhdəlikləri
Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna gəlir vergisinin ödəyicisi kimi alınan fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.
Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində rübdə bir dəfə olmaqla Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada gəlir vergisi üzrə hesablanmış cari vergi məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı aparmalıdır.
Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan gəlir vergisinin ödəyicisi növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir. Nəzərə çatdıraq ki, bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat artıq ƏDV tutulan əməliyyat sayılır və əməliyyatı həyata keçirən vergi ödəyicisi əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət etməlidir.
Bundan başqa gəlir vergisinin ödəyicisinin vergitutma obyekti olduqda digər vergi öhdəlikləri də ola bilər:
Torpaq vergisi üzrə - Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər də torpaq vergisinin ödəyiciləri hesab olunur ki, onların torpaq vergisi illik olaraq bələdiyyələr tərəfindən hesablanır, həmin vergilərin ödənilməsi barədə tədiyə bildirişi isə avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərində gec olmayaraq bələdiyyə büdcəsinə ödənilir. Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
Əmlak vergisi üzrə - rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bina), habelə yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus olan su və hava nəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyekti hesab olunur. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binaların yaşayış sahəsinin 30 kv m artıq olan hissəsinin (balkon və ya eyvanlar istisna olmaqla) hər 1 kv m görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən dərəcələr tətbiq edilməklə (bina Bakı şəhərində yerləşərkən həmin dərəcələrə əlavə olaraq Nazirlər Kabinetinin 06.04.2015-ci il tarixli, 101 nömrəli Qərarı ilə təsdiq edilmiş 0,7-1,5 aralığında müəyyən olunan əmsallar da tətbiq olunmaqla), su və hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat, mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün isə onların bazar qiymətinin 1 faizi həcmində hesablanaraq avqustun 1-dən gec olmayaraq tədiyə bildirişi ilə fiziki şəxsə bildirilir, həmin şəxslər isə verginin məbləğini cari il avqustun 15-dək bərabər hissələrlə yerli (bələdiyyə) büdcəsinə ödəyirlər.
Yol vergisi üzrə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.
Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablamalı və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə həmin müddətdən gec olmayaraq vergini dövlət büdcəsinə ödəməlidirlər.
Mədən vergisi üzrə - yerin təkindən çıxarılan faydalı qazıntıların topdansatış qiymətlərinə və ya həcminə Vergi Məcəlləsinin 216-cı maddəsində göstərilən dərəcələrin tətbiqi yolu ilə hesablanan vergi məbləği hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq "Mədən vergisinin bəyannaməsi" ilə faydalı qazıntının növünə uyğun olaraq vergi və ya bələdiyyə orqanına bəyan edilərək dövlət və ya bələdiyyə büdcəsinə ödənilməlidir;
Aksiz vergisi üzrə - Azərbaycan Respublikası ərazisində aksizli malların (VM 190) istehsalı və ya idxalı ilə məşğul olan şəxs aksizli malların növündən və əməliyyatın xarakterindən asılı olaraq Vergi Məcəlləsinin XII fəslinin və Nazirlər Kabinetinin Qərarlarının (19 yanvar 2001-ci il tarixli 20 nömrəli, 6 yanvar 2007-ci il tarixli 1 nömrəli, 29 may 2007-ci il tarixli 85 nömrəli) müddəalarına uyğun olaraq hesablanan vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq "Aksiz bəyannaməsi" ilə vergi orqanına bəyan etməli və həmin müddətdən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir; Ödəmə mənbəyində muzdlu işlə əlaqədar alınan gəlirdən tutulan vergi üzrə - işəgötürən şəxs muzdla işləyən işçinin aylıq gəlirindən Vergi Məcəlləsinin 101-ci maddəsində göstərilən dərəcələrlə hesablanan gəlir vergisini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməli, ƏDV ödəyicisi olmadıqda hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi" ilə vergi orqanına bəyan etməlidir;
ƏDV məqsədləri üçün qeydiyyata alınmış fiziki şəxs tərəfindən isə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan etməlidir;
ödəmə mənbəyində digər gəlirlərdən tutulan vergi üzrə - ödəyici tərəfindən Vergi Məcəlləsinin 150-ci maddəsində nəzərdə tutulan hallarda (muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla) ödəmə mənbəyində vergi tutulmalı olan gəlirdən müvafiq dərəcələrlə tutulan vergi məbləği hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi" ilə vergi orqanına bəyan edilərək həmin müddətdən gec olmayaraq büdcəyə ödənilməlidir.}
Mənbə: www.taxes.gov.az