17/07/2025
TƏCİLİ: Tanınmış ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğludan 1 sutkadan artıqdır ki, xəbər yoxdur
İyul ayının 16-da axşam saatlarında tanınmış ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Bakı şəhərindəki Yasamal parkında, həkimlərin göstərişinə əsasən gündəlik sağlamlıq yürüşündən sonra istirahət məqsədilə kafelərdən birində əyləşmişdir. Son dəfə də məhz həmin kafedə görünmüşdür.
Şahidlərin bildirdiyinə görə, mülki geyimli naməlum şəxslər tərəfindən Hacı İlqar İbrahimoğlu, ailəsinə məlumat verməyə imkan yaradılmadan avtomobilə mindirilərək naməlum istiqamətə aparılmışdır .
Hadisədən artıq 1 sutkadan çox vaxt keçməsinə baxmayaraq, onun harada saxlanıldığı, səhhət durumu ilə bağlı heç bir rəsmi məlumat təqdim olunmayıb.
Qeyd edək ki, Hacı İlqar İbrahimoğlu ürək əməliyyatı keçirmiş və xüsusi tibbi nəzarət altında olması tələb olunan bir şəxsdir. Onun səhhətinin təhlükə altında olması ciddi narahatlıq doğurur.
Hacı İlqar İbrahimoğlunun yaxınlarının və hüquqi təmsilçisilərinin Daxili İşlər Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına etdikləri müraciətlərə bu saata qədər konkret cavab verilməyib.