12/12/2017
Dəyərli dostlar,
Bu gün Mərkəzimizin fəaliyyəti tarixində ən önəmli, ən təqdirəlayiq günlərindən biridir. Bu gün Buta Education Center-in bir yaşı tamam olur. Düz bir il öncə bu gün rəsmi şəkildə açılışını etdiyimiz Buta Education Center-in bu gün doğum günüdür. 8 aylıq, olduqca çətin maddi və mənəvi şərtlər altında fəaliyyət göstərməyimizə baxmayaraq fəaliyyətdə olduğumuz müddətdə öz prinsiplərimizə sadiq qalaraq bizə üz tutanlara şəraitlərimizin imkan verdiyi ən yüksək formada təhsil verməyi bacardıq. Bu müddət ərzində bizimlə birlikdə olan tələbələrimizə, bizə hər zaman dəstək olan dostlarımıza və Kursu ayaqda tutan, fəaliyyətinin cövhərini, ruhunu təşkil edən dəyərli kolleqalarımıza sonsuz təşəkkürümü bildirirəm. Sizlərlə birlikdə olmaq olduqca xoş idi. Çox sağolun!
Hər bir içi ümidlərlə dolu, qəlbi özünün belə izah edə bilmədiyi sirli bir fərəhlə dolu olan fərdin, möhkəm əxlaqi dəyərlər və mənəvi prinsiplər üzərində qurulmuş ailənin, cəmiyyətin, bəşər tarixində iz qoymuş istənilən böyük institutun, müəssisənin, məktəbin inkişaf mərhələlərində müəyyən qaçılmaz eniş və yoxuşlar şübhəsiz mövcud olmuş, olur və olacaqdır. Bunlardan yalnız öz məqsədinin doğruluğuna inanan, öz yolunda, öz mübarizəsi uğurunda çətinlik, maneə, dilemma və əngəl tanımadan, yenilməz daxili bir qüvvə, ruhi bir coşğunluqla öz məqsədinə doğru gedənlər, uğurunda vuruşduğu şeyin bəşəri faydalı olduğuna sarsılmaz bir qüvvəylə inanlar qalib olmuş, məqsədinə çatmağın verdiyi ali xoşbəxtliyi dadmışlar.
Böyük ümidlər və ideallarla yola çıxdığımız, təhsildə etibar və yüksək mənəvi dəyərləri rəhbər tutaraq əsasını qoyduğumuz Təhsil Müəssisəsi müəyyən çətinliklərə görə öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmışdır. Buta Education Center hədəfi, getdiyi yer, son məqsədi bəlli olan bir gəmiyə bənzəyir; okeanda baş verən tufanlar, fırtınalar onu müəyyən qədər ləngidə, çətinliklərə sala, heyətinin sayını azalda, ondan üz döndərmələrinə səbəb ola bilər lakin indi nə qədər çətin olmasından və ya nə qədər çətin olacağından asılı olmayaraq biz öz məqsədimizə tükənməz qüvvətə malik olan, ümidlərlə dolu ruhumuzun və Allahın iznilə çatacağıq.
Doğum günün mübarək, Buta Education Center!