05/04/2024
90.000 heroqlifdən 2000-3000 bilsək gündəlik işləri yola vermək üçün kifayət edir. Akademik həyatda isə bu say 7000-8000 arası dəyişir. Mənşə etibarilə piktoqrafik yazı növü olduğu üçün göz yaddaşı güclü olanların öyrəndikcə zövq alacağı bir yazı sistemidir.
3500 ildən çox yaşı olan Çin heroqlifləri Sinqapur, Yaponiya, Koreya və Vietnam kimi ölkələr tərəfindən də mənimsənilib. Heroqlifdən başqa xeyli sayda Çin mənşəli söz də daxil olub bu ölkələrin lüğət bazalarına. Məsələn, Yapon və Koreya dillərinin 60%-i Çindən alınmış sözlərdən ibarətdir. Şəxsi təcrübəmdən onu deyə bilərəm ki, heroqliflər yalnızca Çində deyil, digər qonşu ölkələrdə də əlinizdən tuta biləcək bir linqvistik vasitədir.
Təkcə yuxarıda adını çəkdiyim ölkələrin deyil, eləcə də qədim türklərin də tarixini oxuya bilmək üçün Çin heroqliflərini bilmək zəruridir. Bunun üçün isə indikindən daha mürəkkəb struktur və fərqli mənalara malik ənənəvi heroqlifləri öyrənmək labüddür. Misal üçün, şəkildə gördüyünüz xəttatlıq nümunələri qədim yazı üsuludur. Onları ayrıca məşq etmək lazımdır.
Dünyada hələ də aktiv şəkildə istifadə edilən nadir qədim yazı sistemlərindən biri olan Çin heroqliflərini Azərbaycanda öyrənmək üçün Bakı Dövlət, Azərbaycan Dillər, Xəzər və ADA universitetləri nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutlarının təşkil etdiyi kurslara yazıla bilərsiniz. Bu barədə daha ətraflı Bakı Araşdırmalar İnstitutu üçün yazdığım tədqiqat məqaləsində oxuya bilərsiniz (link rəydə).